Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr edilmiş anım tədbiri keçirilib
Bu gün Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edilib ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törədiblər. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.