Fuad Muradov ADA Universitetində təhsili alacaq Gürcüstan Azərbaycanlıları ilə görüşüb – FOTO
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ADA Universitetində magistr təhsili alacaq Gürcüstan azərbaycanlıları ilə görüşü keçirilib.
RealNews.ge xəbər verir ki, görüş iştirakçılarını salamlayan Komitə sədri ADA Universitetinin bu təşəbbüsünü yüksək qiymətləndirib və tələbələri təbrik edib. Gürcüstandakı azərbaycanlıların təhsil sahəsində üzləşdiyi çətinliklərin, Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığının yaranması ilə bağlı problemlərin daim Azərbaycan dövlətinin diqqətində olduğunu vurğulayıb, bu istiqamətdə ardıcıl işlər görüldüyünü və Komitənin həyata keçirdiyi layihələri nəzərə çatdırıb. Görüşdə Gürcüstandakı Azərbaycan evləri və həftəsonu Azərbaycan məktəblərinin fəaliyyəti diqqət mərkəzində olub.
ADA Universitetində xüsusi proqram üzrə təhsil menecmenti, təlim və tədrisin təşkili və metodikası ixtisasında təhsil alacaq azərbaycanlıların Gürcüstandakı təhsil problemlərinin həllində əhəmiyyətli rol oynayacağına əmin olduğunu vurğulayıb.
Tədbir Gürcüstan azərbaycanlılarının təhsillə bağlı problemləri, Azərbaycan və gürcü dillərini, tarix və mədəniyyətimizi mükəmməl öyrənmələri və digər bir sıra mövzular ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.