Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub – FOTO
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 27-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birlikdə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib ki, Gürcüstanda Azərbaycan teatrının böyük tarixi var. Gürcüstanda ilk Azərbaycan teatrı 1872-ci ildə yaradılıb. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının müasir üslubda yeni binasının təməlinin qoyulmasının əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib: “Bu gün hamımız sevinirik ki, teatrın yeni, müasir binasının təməli qoyulacaq və tezliklə daha əzəmətli bina tikiləcək. Bununla da paytaxtımızın mədəni həyatına daha bir əlamətdar məkan əlavə olunacaq. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması Gürcüstan və Azərbaycan arasında möhkəm dostluğun və əməkdaşlığın sübutudur”.
Təməlqoyma mərasimində çıxış edən Azərbaycanım Baş naziri Əli Əsədov Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu vurğulayıb. Bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib. Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri – Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski Gürcüstanda yaşayıb-yaratmış, əbədiyyətə qovuşmuşlar. Eynilə Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərmiş, Azərbaycanın ictimai və mədəni həyatına mühüm töhfələr vermişlər.
1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını ölkələrimiz arasında əsrlərə dayanan mədəni əlaqələrin daha bir göstəricisi olduğunu vurğulayan Azərbaycanın Baş naziri deyib: “Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.
Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları iştirak ediblər.