Polşa şərq sərhədində mina sahələri yaradacaq

Polşa şərq sərhədində “Şərq qalxanı” mühəndis qurğuları kompleksinin bir hissəsi olacaq mina sahələri yaradacaq.

Bu barədə Polşa televiziyası məlumat yayıb.

“Saat 13.00-da Ojişdəki poliqonda “Şərq qalxanı” elementlərinin sınaqdan keçiriləcəyi təlimlər başlayacaq”, – məlumatda bildirilib.

Bu elementlər beton kirpilər, tank əleyhinə xəndəklər və minalanmış sahələrdir. Daha sonra onlardan “Şərq qalxanı”nı təchiz etmək üçün istifadə edilməsi planlaşdırılır.

Bundan əvvəl bildirilmişdi ki, Polşa hakimiyyətinin sərhədi möhkəmləndirmək qərarı qanunsuz miqrant dalğası ilə əlaqədardır. Ölkə Rusiya və Belarusla sərhədinin möhkəmləndirilməsinə əlavə 2,6 milyard dollar yönəldəcək. 400 kilometrlik sərhəd boyunca yeni istehkamlar və hasarlar tikiləcək.