Azərbaycan və Gürcüstan XİN rəhbərləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib

Bu gün hörmətli həmkarımla beynəlxalq təşkilatlarda Azərbaycan-Gürcüstan arasında olan münasibətlər, ölkələrin bir-birlərini dəstəkləməsi məsələsi də müzakirə edilib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün Cənubi Qafqazda təhlükəsizlik məsələləri də müzakirə predmeti olub: “Azərbaycanla Gürcüstan hər zaman beynəlxalq hüquqa həssaslıqla yanaşıb və biz hər zaman bir-birimizin ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləməyə də davam edirik. Əfsus ki, bölgənin digər dövləti Ermənistan barəsində bunu deyə bilmərik. Yalnız 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Uzun illər ərzində torpaqlarımızın işğal altında olması, insanlarımızın həmin bölgələrdən didərgin salınması, mədəni abidələrimizə qarşı vandallıq törədilməsinə baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Bu təşəbbüs ümumi evimiz olan Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin edilməsi üçün irəli sürülüb”.

Bizi WhatsApp – da izləyin.