Qanunsuz ağac kəsmək və 7 il həbs cəzası – QANUN SƏRTLƏŞDİRİLİR

Gürcüstanda meşə materiallarının qanunsuz əldə olunması, hazırlanması və daşınması ilə bağlı cəzalar ciddi şəkildə sərtləşdirilib.

Bununla bağlı Hökumət Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edib.

Yeni qanunvericiliyə əsasən, ətraf mühitə dəymiş ziyanın miqyasına uyğun olaraq, cərimə məbləğləri və azadlıqdan məhrumetmə müddətləri artırılıb.

Belə ki, qorunan ərazilərdə ağacların qanunsuz kəsilməsi və ya zədələnməsi 2 500 lari cərimə;

Küləkdənqoruyucu zolaqlarda ağacların qanunsuz kəsilməsinə görə 1 000 lari cərimə;

Dövlət meşələrində sənədsiz odun hazırlayan şəxslər 2 000 lari məbləğində cərimə;

Müvafiq lisenziya olmadan ovçuluq təsərrüfatı quranlar 2 000 lari, təkrar hal olduqda isə 5 000 lari cərimə;

Bələdiyyə sərhədlərində sənədsiz və ya xüsusi nişan olmadan odun daşınması 500 lari, təkrar hal isə 1 000 lari cərimə.

Dəzgah sexləri və emal müəssisələri üçün də ciddi nəzarət tədbirləri müəyyən edilib:

Qeydiyyatsız olaraq dairəvi odun emalı və ya emal avadanlığının quraşdırılması 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu əməllərin təkrarlanması 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

Hüquqi şəxslər üçün bu cür qanun pozuntuları lisenziyanın ləğvi və ya fəaliyyətin 5 ilədək dayandırılması ilə cəzalandırılacaq. Bundan əlavə, böyük miqdarda (3 000 lari və ya daha çox ziyanla nəticələnən) ağac materiallarının qanunsuz kəsilməsi və daşınması da sərt cinayət məsuliyyəti doğuracaq. Bu hallarda 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Qırmızı Siyahıya daxil edilmiş növlərin qanunsuz kəsilməsi hallarında isə cəzalar daha da ağırlaşdırılıb – belə əməllərə görə 3 ildən 7 ilədək həbs cəzası tətbiq edilə bilər. Bildirilir ki, yeni qanunlar ətraf mühitin qorunması və meşə ehtiyatlarının dayanıqlı idarə olunması məqsədilə qəbul olunub.

Bizi WhatsApp – da izləyin.