Soyadların sonunda olan rus şəkilçilərinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsində sabah müzakirə aparılacaq

4 iyun tarixində Gürcüstan Konstitusiya Məhkəməsində “Aytac Xəlilova, Ramida Sarieva, Banyamin Kasımov və başqaları (7 iddiaçı) Gürcüstan Parlamentinə qarşı” iş üzrə Konstitusiya şikayətinə baxılacaq.

Bu barədə məlumatı Konstitusiya Məhkəməsi yayıb. Məlumata əsasən, Konstitusiya Məhkəməsində müzakirə saat 14:00-da başlayacaq.

Mövzu “Vətəndaş aktları haqqında” qanunun 64-cü maddəsinin 2-ci bəndinin Gürcüstan Konstitusiyasının 15-ci maddəsinin birinci bəndi ilə uyğunluğu məsələsidir. Məsələ soyadın dəyişdirilməsi qaydalarına aiddir. İddiaçılar bildirirlər ki, hazırkı norma soyadın dəyişdirilməsini yalnız məhdud hallarda mümkün edir və hər kəsin soyadını dəyişmək hüququnu məhdudlaşdırır. Onların fikrincə, ictimai münasibətlərdə şəxs həm özünü, həm də cəmiyyət tərəfindən hansı soyadla tanındığı önəmlidir. Məsələnin əsas müzakirəsini Gürcüstan Konstitusiya Məhkəməsinin birinci kollegiyası aparacaq.

Məlumat üçün bildirək ki, 2021-ci ildə “Salam” Platforması Gürcüstan parlamentinə soyadlardan rus şəkilçilərinin (“ov”, “ev”, “ova”, “eva”) çıxarılması və icma üçün səciyyəvi şəkilçilərin qəbul edilməsi hüququnu tələb edən qanunvericilik təklifi təqdim edib və bu təşəbbüs çərçivəsində 45 gün ərzində 120 kənd və 13 bələdiyyədə 27 000-ə qədər imza toplanıb. Lakin qanunvericilik təşəbbüsünü Gürcüstan Parlamentinin Reqlament və Qaydalar Komitəsi qəbul etməyib. Buna görə də, Platforma komitəni məhkəməyə verib.

Bizi WhatsApp – da izləyin.