DİQQƏT! 500 və 1000 lari cərimələr tətbiq ediləcək – QANUNA DƏYİŞİKLİK
Bələdçilərin sertifikatlaşdırılması və normativ aktla nəzərdə tutulmuş cərimələr 2026-cı il 1 iyun tarixindən qüvvəyə minəcək.
“Turizm haqqında” Gürcüstan qanununa edilən dəyişikliklərə əsasən, həmin vaxta qədər Gürcüstanın Milli Turizm Administrasiyası tərəfindən təsdiqlənməli olan qayda və şərtlər müəyyən edilməlidir. Daha dəqiq desək, Gürcüstan hökumətinin qərarı ilə risk daşıyan turizm xidmətləri ayrıca müəyyən olunacaq. Bu xidmətlərin göstərilməsi ilə məşğul olanlar bütün fəaliyyət mərhələlərində mütləq mülki məsuliyyət sığortasına malik olmalıdırlar.
Dəyişikliklərə əsasən, dağ bələdçisi, xizək bələdçisi və alpinizm bələdçisi kimi fəaliyyət yalnız müvafiq avtorizasiyaya malik, sertifikatlı fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
Bu sertifikatlaşdırmanı isə Gürcüstanın Milli Turizm Administrasiyası tərəfindən avtorizasiya olunmuş kadrların sertifikatlaşdırılması qurumu həyata keçirəcək. Qanunun pozulması halında səlahiyyətli əməkdaş tərəfindən elektron cərimə qəbzi tərtib edilə bilər və bu sənəd eyni zamanda inzibati hüquq pozuntusu protokolu sayılır.
Sanksiyalarla bağlı sənəddə qeyd olunur ki, dağ, xizək və alpinizm bələdçisinin fəaliyyəti müvafiq sertifikata malik olmayan şəxs tərəfindən həyata keçirildikdə, bu hal 1 000 lari məbləğində cərimə ilə nəticələnəcək. Peşə məsuliyyətinin icbari sığortası olmadıqda isə 500 lari məbləğində cərimə tətbiq olunacaq.
Həmçinin, Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş riskli turizm xidmətini göstərən şəxsin mülki məsuliyyətin icbari sığortasına malik olmaması da 500 lari məbləğində cərimə ilə nəticələnəcək.
Bizi WhatsApp – da izləyin.