“Qanuni oğrulara” qarşı genişmiqyaslı əməliyyat: 20 nəfər saxlanılıb, 4 nəfərə qiyabi ittiham irəli sürülüb – VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis Departamenti, İmereti və Kaxeti bölgələrinin polis əməkdaşları, Baş Prokurorluqla birlikdə həyata keçirdikləri kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ölkənin müxtəlif bölgələrində – Tbilisi, Şida Kartli, Acara, Quriya, İmereti və Kaxetidə – 20 nəfəri saxlayıb, 4 nəfərə isə qiyabi ittiham irəli sürülüb. Onlardan ikisi “qanuni oğru” kimi tanınır.
Saxlanılan şəxslər 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
İstintaqla müəyyən edilib ki, şübhəli şəxslər şəxsi qazanc əldə etmək məqsədilə vətəndaşlar arasında maliyyə mübahisələrinin həllinə müdaxilə edirdilər. Gürcüstan və Türkiyə ərazilərində oğru aləminə uyğun “məhkəmələr” təşkil olunur, bu görüşlərə xaricdəki “qanuni oğrular” Tengiz Xoperiya və İrakli Lejava da qoşulurdular.
Tərəflər arasında mübahisələr zamanı “qanuni oğruların” qərarlarına əsasən, qarşı tərəfə pul ödəmək məcburiyyəti qoyulur, müddət pozularsa fiziki zorakılıq və hətta ölüm hədəsi verilir.
Axtarışlar zamanı saxlanılan şəxslərin yaşadığı evlərdən və şəxsi əşyalarından kompüter texnikası, mobil telefonlar, müxtəlif narkotik vasitələr və odlu silahlar götürülüb. Məlum olub ki, bu vasitələrlə onlar xaricdəki cinayət avtoritetləri ilə əlaqə saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin “qanuni oğru olmaq”, “oğru aləminə üzvlük”, “oğru aləminin fəaliyyətinə dəstək”, “qanuni oğruya müraciət” və “hədə-qorxu ilə tələb etmə” maddələri üzrə aparılır.
Bizi WhatsApp – da izləyin.