Gülay Aslanova “Diplom”la təltif edilib – FOTO
Bu gün Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının üzvləri Vahid Milli İmtahanlarda Qardabani bələdiyyəsi üzrə Ümumi Qabiliyyət imtahanından ən yüksək bal toplayan Gülay Aqil qızı Aslanova ilə görüş keçiriblər.
Bu barədə İttifaqdan məlumat verilib.
Görüşdə ittifaqın idarə heyətinin üzvləri, eləcə də Gülaya dərs demiş müəllimlər, ziyalılar, kənd sakinləri və Gülayın ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı 2025-2026-cı tədris ili üçün ölkə üzrə keçirilən Vahid Milli İmtahanlarda uğur qazanan bütün gəncləri təbrik edib. Bu gənclərimiz arasında xüsusilə fərqlənən və Qardabani bələdiyyəsi üzrə Ümumi Qabiliyyət imtahanında mümkün 80 baldan 71 bal toplayan Gülay Aqil qızı Aslanovanın isə növbəti illərdə məzunlar üçün örnək olacağını bildirib.
Daha sonra çıxış edən Gülaya dərs demiş müəllimlər onun Kosalı ictimai məktəbində orta təhsil aldığı illər ərzində hər zaman ictimai işlərdə olduqca fəal olduğunu, dərslərinə böyük diqqətlə yanaşdığını bildiriblər. Orta təhsilini Qızıl medalla bitirməsi isə nəinki ona dərs deyən müəllimlərin, bütövlükdə Kosalı ictimai məktəbinin və Kosalı elinin baş ucalığı olub.
Tədbirdə çıxış edən Nəzərli ictimai məktəbinin baş müəllimi Mövla Sarıvəlli, 3 saylı Qardabani şəhər ictimai məktəbinin baş müəllimi Sevda Şahverdova, Afayət Afiq və digərləri də Gülay Aqilqızının yüksək bal toplamasının öz zəhmətinin bəhrəsi olduğunu deyiblər.
Görüş zamanı Gülay Aqil qızı Aslanova məktəbi Qızıl medalla bitirməsi və ali təhsil ocağına yüksək balla qəbul olması münasibətilə ittifaqın xüsusi Diplomu ilə təltif edilib və ona hədiyyələr təqdim olunub.
Sonda Gülayın ailə üzvləri tədbir iştirakçılarına təşəkkür edərək, minnətdarlıqlarını bildiriblər.




