On milyonlarla lari dəyərində saxta içki və siqaret aşkarlanıb – FOTO

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən 75 137 ədəd şüşə qablaşdırmada spirtli içki və 318 000 qutu aksizsiz siqaret aşkarlanıb.

Bu barədə İstintaq Xidməti məlumat yayıb.

Cinayətdə iştirak edən 7 nəfər saxlanılıb.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslərin Şida Kartli bölgəsində uzun illərdir qeyri-qanuni fəaliyyət göstərən spirtli içkilər istehsal edən zavodu olub. Zavodda müxtəlif adlarla, həm yerli, həm də xarici brendli spirtli içkilərin kustar üsulla qanunsuz istehsalı və satışa çıxarılması həyata keçirilib.

İstintaq tədbirləri nəticəsində satışa hazır vəziyyətdə olan 75 137 şüşə aksizsiz spirtli içki aşkarlanıb. Onların arasında BELUGA, BELVEDER, GREY GOOSE, viski BORKAN və CHIVAS REGAL yer alıb.

Axtarış zamanı zavodda həmin içkilərin istehsalı üçün nəzərdə tutulmuş çoxlu miqdarda şüşə qablar, qapaq, etiket, qablaşdırma materialı, eləcə də sisternlərdə – təxminən 24 ton spirtli maye aşkar edilib. Bu maye yuxarıda qeyd olunan saxta içkilərin hazırlanmasında istifadə olunub.

Zavodun yaxınlığında yerləşən anbarlardan birində əlavə olaraq 318 000 qutu aksizsiz “KARELIA” siqareti götürülüb. Həmçinin siqaretlərin qablaşdırılması və istehsalı üçün nəzərdə tutulmuş texniki avadanlıq da müsadirə olunub.

Müsadirə edilən aksizsiz spirtli içkilərin və siqaretlərin təxmini dəyəri on milyonlarla laridir. Dəqiq məbləği iş üzrə keçiriləcək ekspertiza müəyyən edəcək.

Təşkilatlanmış cinayətkar fəaliyyətə cəlb olunmuş digər şəxslərin ifşa edilməsi məqsədilə istintaq və operativ tədbirlər davam etdirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 3-cü bəndi və 200-cü maddəsinin 4-cü bəndi ilə aparılır. Bu maddələrə əsasən, cəza tədbiri kimi 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bizi WhatsApp – da izləyin.