Yenilənmiş pasportların verilməsinə başlanılıb
Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni nəsil, yenilənmiş dizayna malik Gürcüstan vətəndaşlarının biometrik pasportlarının və yaşayış üçün elektron vəsiqələrinin verilməsinə başlayır. Yeni sənədləri 2025-ci ilin oktyabrın 6-dan etibarən müraciət edən şəxslər alacaqlar.
Qeyd edək ki, dövlət rüsumları eyni qalır və qüvvədə olan sənədlərin sahibləri onları yeni sənədlərlə dəyişməyə məcbur deyillər.
Eyni zamanda, yenilənmiş dizaynla aşağıdakı identifikasiya və xaricə səfər sənədləri də veriləcək:
- Müvəqqəti yaşayış üçün elektron vəsiqə;
- Daimi yaşayış üçün elektron vəsiqə;
- Diplomatik pasport;
- Xidmət pasportu;
- Qaçqın statusuna malik şəxsin səfər sənədi;
- Gürcüstanda statusu olan, lakin vətəndaşlığı olmayan şəxsin səfər pasportu.
Yeni nəsil sənədlərin təhlükəsizliyi müasir qoruyucu elementlərlə daha da gücləndirilib və tam şəkildə beynəlxalq standartlara cavab verir. Onların dizaynı milli mövzulu simvollarla zənginləşdirilib.
Maraqlanan şəxslər sənədlərə müraciəti Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmət mərkəzlərində, Ədliyyə Evinin filiallarında və mobil Ədliyyə evlərində, həmçinin onlayn — Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin rəsmi vebsaytı vasitəsilə edə bilərlər: https://sda.gov.ge/.
Elektron şəxsiyyət vəsiqələrinin verilməsi isə 2025-ci il noyabrın 3-dən planlaşdırılır.
Bizi WhatsApp – da izləyin.