3+1 təhsil sisteminə keçid nə vaxt olacaq? – RƏSMİ

Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Givi Mikanadzenin sözlərinə görə, 3+1 sistemi — yəni 3 illik bakalavr və 1 illik magistr proqramı — bu günə qədər tələbə statusuna malik olan şəxslərə şamil edilməyəcək.

Nazirin dediyinə görə, hökumətin planına əsasən, 3+1 sisteminə keçid bu ilki abituriyentlərə (yəni gələn il tələbə olacaq şəxslərə) aid olacaq.

“Təhsil fakültələrinə nəzər salsaq, görərik ki, bəzi fənlər var ki, onların zəruriliyi sual altındadır. Əgər konkret ixtisas və kvalifikasiyanın əldə edilməsi üçün vacib olan əsas komponentləri saxlayacağıqsa, bu halda həmin bilikləri 3 illik bakalavr proqramına daxil etmək mümkündür… Bu proses bu gün tələbə statusuna malik olan şəxslərə aid olmayacaq. Onlara bu dəyişikliklər təsir etməyəcək. Proses keçid dövründə mərhələli şəkildə həyata keçiriləcək və gələn ildən qəbul olunacaq tələbələr üçün başlayacaq, yəni gələn ildən etibarən bəzi fakültələrdə 3+1 sisteminin tətbiqini planlaşdırırıq”, – deyə təhsil naziri bildirib.

Onun sözlərinə görə, 3+1 sisteminə keçid Bolonya prosesinə zidd deyil. Əksinə, Givi Mikanadze bildirib ki, bu sistem çevikdir və tətbiqindən sonra tələbələrin fundamental və vacib biliklərlə təmin olunmasına yönələcək.

“Bu, Gürcüstanda ilk dəfə tətbiq olunan bir model deyil. Avropanın bir çox ölkəsində artıq uzun illərdir ki, 3 illik bakalavr və 1 illik magistr sistemi mövcuddur. Onun əsas məqsədi nədir? – Müəyyən ixtisaslar üzrə tələbələrə fundamental biliklərin verilməsidir. Beləliklə, biz onlara əmək bazarında öz yerlərini daha tez tapmaq və karyera inkişafına başlamaq imkanı yaradırıq. Buna görə də 3+1 sistemi Gürcüstanda da artıq bir neçə istiqamətdə bir neçə ildir tətbiq olunur və Avropanın bir çox ölkəsində bu sistem illərdir fəaliyyət göstərir. Bu sistem Bolonya prosesi ilə heç bir ziddiyyət təşkil etmir, çevikdir və ən əsası, tələbələri yalnız fundamental və vacib biliklərlə təmin etməyə yönəlib”, – deyə təhsil naziri 17 oktyabr tarixində “İmedi” telekanalına verdiyi müsahibədə bildirib.

Givi Mikanadzenin sözlərinə görə, 3+1 sistemi ali təhsil islahatları konsepsiyasının bir hissəsidir. Baş nazir İrakli Kobaxidze bu konsepsiyanı oktyabrın 16-da ictimaiyyətə təqdim edib. Müzakirələrdən sonra konsepsiya hökumət tərəfindən təsdiqlənəcək və Təhsil, Elm və Gənclər Nazirliyi bununla bağlı qanunvericilik dəyişiklikləri paketinin hazırlanmasına başlayacaq.

Bizi WhatsApp – da izləyin.