Təhsil sahəsinə ayrılan 3 milyard laridən çox vəsait bu istiqamətlərdə xərclənəcək
Parlamentdə ölkənin 2026-cı il dövlət büdcəsinin yenilənmiş layihəsini maliyyə naziri Laşa Xutsişvili deputatlara təqdim edib.
Maliyyə nazirinin sözlərinə görə, komitələr çərçivəsində aparılan müzakirələr zamanı deputatlar tərəfindən büdcə ilə bağlı irəli sürülən təklif və qeydlər hazırda Maliyyə Nazirliyində nəzərdən keçirilir və büdcə layihəsinin yekun variantı bu ayın sonuna qədər parlamentə təqdim olunacaq.
Laşa Xutsişvilinin açıqlamasına əsasən, Təhsil, Elm və Gənclər Nazirliyinin maliyyələşməsi 2 615,3 milyon lari məbləğində müəyyən edilib. Lakin nəzərə alınmalıdır ki, 2025-ci il sentyabrın 1-dən etibarən – “Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi” (SSİP) ləğv edilib və onun funksiyaları Gürcüstanın İnfrastruktur Nazirliyinə və Regional İnkişaf Nazirliyinə ötürülüb. Buna görə də 2025-ci ildə Təhsil, Elm və Gənclər Nazirliyi üçün nəzərdə tutulan proqramların maliyyələşməsi 2026-cı ildə artıq bu iki nazirlikdə olacaq.
Nazirin sözlərinə görə:
“Ümumilikdə, qeyd olunan proqramlar da daxil olmaqla, Təhsil, Elm və Gənclər sahələri üçün 2026-cı ildə ayrılan vəsait 3 milyard 228,8 milyon lari təşkil edəcək.”
Təhsil istiqaməti üzrə 2026-cı il büdcəsində nəzərdə tutulub:
- Məktəbəqədər və ümumi təhsil – 1 885,9 milyon lari
- Peşə təhsili – 214,9 milyon lari
- Ali təhsil – 192,0 milyon lari
- Elm və elmi tədqiqatların dəstəklənməsi – 92,9 milyon lari
- İnklüziv təhsil – 92,8 milyon lari
- Gənclərin dəstəklənməsi – 15,6 milyon lari
İnfrastruktur sahəsində:
- Təhsil infrastrukturunun tikintisi və bərpası – 622,5 milyon lari
- Dövlət məktəbləri şagirdlərinin daşınması üçün – 58,0 milyon lari
- Məktəblərin kiçik təmir və saxlanma xərcləri üçün – 43,0 milyon lari
Bizi WhatsApp – da izləyin.