Pentaqon ABŞ quru qoşunlarının bu ölkəyə yerləşdirilməyə hazır olduğunu bəyan edib

ABŞ quru qoşunları Prezident Donald Tramp və müdafiə naziri Pit Heqsetin əmri ilə Venesuelaya yerləşdirilə bilər.

Bu barədə ABŞ Ordusunun katibi Daniel Driscoll CBS telekanalına müsahibəsində məlumat verib.

Venesuela qüvvələrinin ABŞ üçün təhdid yaradıb-yaratmaması ilə bağlı sualı cavablandıran Driscoll bildirib ki, ordu bölgədə “çox sayda təlimlər keçirir”.

“Prezident və ya müdafiə naziri tələb edərsə, biz dərhal hərəkətə keçməyə hazır olacağıq”, – deyə o vurğulayıb.

Aparıcının ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Latın Amerikası sahillərində narkotik kartellərinə qarşı əməliyyatlar apardığını xatırladaraq ordunun bu istiqamətdə hər hansı göstəriş alıb-almadığı ilə bağlı sualına Driscoll belə cavab verib: “Biz belə məlumatları açıqlamırıq. Amma göstəriş olarsa, hazır olacağıq”.

Venesuela Prezidenti Nikolas Maduro dəfələrlə bəyan edib ki, ölkəsi “son 100 ilin ən ciddi ABŞ işğalı təhlükəsi” ilə üz-üzədir. Vaşinqton isə Karakas hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərincə səy göstərməməkdə ittiham edir.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir nüvə sualtı qayığı və 16 mindən çox şəxsi heyət yerləşdirib. Sentyabr ayından bəri Venesueladan narkotik qaçaqmalçılığı ittihamı ilə beynəlxalq sularda ən azı 20 sürətli qayığın və 76 nəfərin zərərsizləşdirildiyi bildirilir. Noyabrın 16-da Pentaqon USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunun Karib dənizinə daxil olduğunu açıqlayıb.

“The New York Times”ın məlumatına görə, Prezident Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib.

Bizi WhatsApp – da izləyin.