Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq sazişi imzalanıb – FOTO

Gürcüstan və Azərbaycan Respublikasının Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Gürcüstanın daxili işlər naziri Qela Qeladze və Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov imzalayıblar. Sənəd iki ölkənin müvafiq qurumları arasında mövcud tərəfdaşlığın daha da gücləndirilməsinə, o cümlədən cinayətlərin qarşısının alınması, aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində əməkdaşlığın inkişafına xidmət edəcək. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri, qanunsuz miqrasiya və əmlaka qarşı yönəlmiş cinayətlərlə mübarizə də sənədlə nəzərdə tutulan əməkdaşlıq sahələri arasında prioritet istiqamətlərdir.

Bununla yanaşı, tərəflər arasında geniş formatda ikitərəfli görüş keçirilib. Görüş zamanı aparılan islahatlar, cari layihələr, eləcə də polis əməkdaşlığı çərçivəsində informasiya və təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub.

Nazirlər iki ölkə arasındakı mövcud səmərəli əməkdaşlığı bir daha vurğulayaraq əlaqələrin daha da gücləndirilməsinə hazır olduqlarını ifadə ediblər.

Bizi WhatsApp – da izləyin.