Ali təhsilli polislər yetişdirilib, işlə təmin olunacaqlar – QANUNDA DƏYİŞİKLİK EDİLİR

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilik dəyişiklikləri paketi hazırlanıb. Layihəyə əsasən, DİN Akademiyasına peşəkar təhsil proqramları ilə yanaşı, ictimai təhlükəsizlik və polis fəaliyyəti üzrə bakalavr proqramının həyata keçirilməsinə icazə veriləcək. “Ali Təhsil Haqqında” Gürcüstan qanununa və digər müşayiət edən qanunvericilik aktlarına dəyişikliklər artıq parlamentə müzakirə üçün təqdim edilib.

Polis Akademiyasının üçillik bakalavr proqramı ilk dəfə yaradılacaq və onun tərkib hissəsini fiziki, taktiki və atıcılıq hazırlığı, eləcə də ictimai təhlükəsizlik və polis fəaliyyətinin öyrənilməsi üçün xüsusi tədris fənləri təşkil edəcək. Proqramın həyata keçirilməsi nəticəsində polis sistemində bakalavr diplomuna malik, yüksək ixtisaslı, hərtərəfli bilik və praktiki bacarıqlarla təchiz olunmuş istintaqçılar, patrul-inspektorlar, asayiş zabitləri, araşdırmaçılar, sərhəd nəzarətçiləri, sərhədçilər və ekspert-kriminalistlər yetişdiriləcək.

İctimai təhlükəsizlik və polis işi üzrə bakalavr proqramına, polis orqanlarında işləmək üçün Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə cavab verən, yoxlamadan keçən və/və ya Vahid Milli İmtahanları uğurla verən şəxslər qəbul olunacaqlar. Tələbənin təhsilinin maliyyələşdirilməsi Gürcüstanın daxili işlər naziri tərəfindən müəyyən edilmiş qaydada dövlət tərəfindən təmin ediləcək.

Polis Akademiyasının ali təhsil proqramına qəbul olunan kimi tələbəyə kiçik xüsusi rütbə – sıravi veriləcək, proqramı bitirən məzuna isə orta xüsusi rütbə – leytenant təyin olunacaq; təhsil müddəti tələbənin xidmət stajına daxil ediləcək; bundan əlavə, tələbələr zəruri inventar və tədris materialları, qidalanma və uyğun forma ilə təmin olunacaqlar; həmçinin akademiya tələbələri təhsil dövründə yataqxanadan və polis əməkdaşı üçün nəzərdə tutulmuş sosial və hüquqi təminatlardan yararlanmaq imkanı əldə edəcəklər.

Proqramı uğurla tamamladıqdan sonra, Daxili İşlər Nazirliyi məzunların nazirlik sistemində işlə təmin olunmasını Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirəcək.

Bizi WhatsApp – da izləyin.