DTX: Marneulidə yol təmiri adı ilə 2 milyondan çox vəsait mənimsənilib

Xüsusilə külli miqdarda dələduzluq, saxta rəsmi sənədlərin hazırlanması və istifadəsi, habelə külli miqdarda dələduzluğa köməklik göstərilməsi faktları üzrə “Crosspoint” MMC adından işlərin faktiki icraçıları olan iki nəfər, şirkətin 100 faiz pay sahibi və direktoru, eləcə də müqavilə şərtlərinin icrasına nəzarət və yoxlamaya cavabdeh olan iki şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli–Lomtaqora–Algeti istiqamətində 15,26 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun bərpası işlərinin icrası zamanı saxta rəsmi sənədlərin tərtib edilməsi və istifadəsi yolu ilə aldadaraq Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus 2 089 154 lari vəsaiti mənimsəyiblər. Nəticədə dövlətə xüsusilə külli miqdarda maddi ziyan dəyib.

Ekspertiza rəyinə əsasən, “Crosspoint” MMC tərəfindən aparılmış bərpa işlərindən sonra avtomobil yolu istismar üçün yararsızdır. Bu səbəbdən sifarişçi yolun bərpası ilə bağlı yeni tender elan etməyə və digər subyektlə müqavilə bağlamağa məcbur olub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi, 25-ci maddə ilə birlikdə 180-ci maddənin 3-cü hissəsinin “b” bəndi, habelə 362-ci maddənin 2-ci hissəsinin “b” bəndi üzrə aparılır ki, bu da cəza növü və həddi olaraq 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.