Mövla Sarıvəlli 70 illik yubileyi münasibətilə təltif edilib – FOTO
Qardabani bələdiyyəsi Nəzərli ictimai məktəbinin müəllimi Mövla Vəli oğlu Sarıvəlli 70 illik yubileyi münasibətilə Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının xüsusi Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirdə Mövla Sarıvəllinin həmkarları Elxan Abdullayev, İsgəndər Vəliyev, həmçinin ittifaqın idarə heyətinin üzvlərindən Sahib Mustafayev, Lətif Ağaoğlu, eləcə də “Müəllim” qəzetinin redaktoru, Gürcüstanın əməkdar jurnalisti Nadir Almazoğlu və Mövla müəllimin ailə üzvləri iştirak ediblər.
Çıxış edənlər Mövla müəllimin peşəkarlığından, uzun illər gənc nəslin təlim-tərbiyəsində göstərdiyi səmərəli fəaliyyətindən və ictimai işlərdəki fəallığından danışaraq, onu 70 yaşının tamam olması münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.

Qeyd edək ki, Mövla Vəli oğlu Sarıvəlli 1955-ci il dekabrın 30-da Qardabani rayonunun Nəzərli kəndində anadan olub. 1962–1963-cü tədris ilində Nəzərli ibtidai məktəbinin birinci sinfinə daxil olub, 1973-cü ildə Kosalı orta məktəbini fərqlənmə diplomu ilə bitirib.
Orta məktəbdə oxuduğu illərdə ədəbiyyatşünaslığa və həkimliyə böyük maraq göstərib. 10-cu sinifdə oxuyarkən ədəbiyyat fənni üzrə Respublika Olimpiadasının qalibi olub. Lakin müəyyən səbəblərdən biologiya müəllimi peşəsini seçib.
O, 1973-cü ildə Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsinə qəbul olunub, 1977-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub. Elə həmin ildən doğma yurda qayıdaraq Kosalı orta məktəbində biologiya müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1979–1984-cü illərdə Kosalı 8 illik məktəbində fəaliyyətini davam etdirib.
1984-cü ilin sentyabr ayından təşkilatçılıq bacarığı nəzərə alınaraq Nəzərli ictimai məktəbinin direktor müavini vəzifəsinə təyin olunub. 1997-ci ildə rayon attestasiya komissiyasının qərarı ilə I dərəcəli müəllim adına layiq görülüb.
50 ilə yaxın pedaqoji fəaliyyəti dövründə yüzlərlə şagirdin bilikli və savadlı yetişməsində böyük zəhməti olub. O, 2020-ci ildə “Baş müəllim” statusu alıb. Mövla müəllim 10 ildən artıqdır ki, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının idarə heyətinin üzvüdür.
Mövla Sarıvəlli pedaqoji fəaliyyəti, müəllim adına sədaqəti və insani keyfiyyətləri ilə böyük hörmət qazanmış dəyərli müəllimlərimizdəndir.
Bizi WhatsApp – da izləyin.