“Gürcüstan Ermənistan üçün Aİ-yə gedən yoldur” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı sualları cavablandırıb.

Nikol Paşinyan bildirib: “Heç bir ölkə Avropa İttifaqının standart və tələblərini yerinə yetirmədən bu təşkilata üzv ola bilməz”.

Baş nazir qeyd edib ki, Ermənistanın əsas məqsədi avropalı tərəfdaşların dəstəyi ilə islahatlar prosesini davam etdirmək və Aİ-yə üzvlük üçün müəyyən edilmiş meyarları obyektiv şəkildə yerinə yetirməkdir.

Paşinyanın sözlərinə görə, Ermənistanın Aİ-yə inteqrasiyası yolunda mövcud olan əsas maneələrdən biri Avropa İttifaqı ilə Gürcüstan arasında siyasi dialoqun hazırda dondurulmuş vəziyyətdə olmasıdır.

O bildirib ki, Gürcüstan Ermənistan üçün Avropa İttifaqına aparan mühüm yol hesab olunur. Paşinyanın sözlərinə görə, Ermənistan Gürcüstanın Aİ namizəd statusu əldə etməsindən sonra ölkənin Avropa İttifaqına qoşulma prosesinin başlanması ilə bağlı qanun qəbul edib.

Baş nazir vurğulayıb ki, bu addım Ermənistanın Aİ-yə üzvlük perspektivini daha real edib. O həmçinin bildirib ki, Ermənistan Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv dialoqun inkişaf edəcəyinə ümid edir və bunun hər iki ölkə üçün eyni dərəcədə vacib olduğunu qeyd edib.

Bizi WhatsApp – da izləyin.