İvanişvili Əliyevi Biznes Mərkəzində qonaq edib
Gürcüstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanaşvilinin adından lanç verilib.
Görüş Tbilisidə İvanişviliyə məxsus biznes mərkəzində baş tutub.
Mətbuat xidmətinin məlumatına görə, Bidzina İvanişvili İlham Əliyevə “Gürcüstana səmərəli səfərinə görə” təşəkkür edib və qeyd edib ki, Gürcüstan ilə Azərbaycan arasında dostluq münasibətləri ən yüksək səviyyədədir və bu, hər iki ölkə üçün faydalıdır.
“Gürcü Arzusu”nun fəxri sədri iki ölkə arasında dərin və hərtərəfli iqtisadi əlaqələrin əhəmiyyətini, tranzit dəhlizindən maksimum dərəcədə istifadə potensialını vurğulayıb və ümumilikdə sıx tərəfdaşlığın həm Gürcüstanın, həm də Azərbaycanın milli maraqlarına xidmət etdiyini qeyd edib.
Bidzina İvanişvili Cənubi Qafqaz regionunda dinc və sabit vəziyyətə verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib və həmçinin qeyd edib ki, təhlükəsizlik təhdidləri ilə dolu bir mühitdə iki ölkənin siyasi liderlərinin sülhü və iqtisadi inkişafı qorumaq üçün maksimum səy göstərməsi vacibdir.
Görüşdə enerji sektorunda sıx tərəfdaşlıq, Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi nəqliyyat və enerji layihələrinə diqqət yetirilib. Regional əlaqələrin təmin edilməsində əsas rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolundan bəhs edilib. Bidzina İvanişvili qeyd edib ki, Gürcüstan son illərdə aktiv şəkildə artan Azərbaycan investisiyalarına hələ də açıqdır.
İlham Əliyev öz növbəsində Bidzina İvanişviliyə səmimi qonaqpərvərliyinə görə təşəkkür edib.
Prezident qeyd edib ki, Gürcüstan investisiyalar üçün ən cəlbedici, sabit və maraqlı yerlərdən biridir. Əliyev həmçinin ikitərəfli layihələrə, enerji dəhlizinin əhəmiyyətinə və Gürcüstanın Azərbaycanın təbii sərvətlərinin ixracı prosesində fəal iştirakına diqqət yetirib. İlham Əliyev regionda sülhün və sabitliyin qorunması üçün birgə işləməyə hazır olduğunu təsdiqləyib.
Bizi WhatsApp – da izləyin.