Pekində yüksək səviyyəli görüş: ABŞ və Çin yeni razılaşmalar əldə etdi
Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında Pekində keçirilən yüksək səviyyəli görüş başa çatıb. Danışıqlar Böyük Xalq Yığıncaqları Zalında baş tutub və iki saatdan bir qədər çox davam edib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, görüşdə ABŞ-ın “Tesla” və “Apple” da daxil olmaqla bir sıra iri şirkətlərinin rəhbərləri iştirak ediblər. ABŞ prezidentinin avtomobil karvanı Çanyansz küçəsi boyunca hərəkət etdikdən sonra Donald Trampı Çin lideri şəxsən qarşılayıb. Liderlər qısa salamlaşaraq əl sıxıblar.
Danışıqlar zamanı Donald Tramp Vaşinqtonun Çinlə ticarət münasibətlərini qarşılıqlı prinsip əsasında inkişaf etdirmək niyyətində olduğunu bildirib. O, Çinə səfər edən nümayəndə heyətinə Amerikanın aparıcı şirkətlərinin rəhbərlərinin də daxil olduğunu vurğulayıb.
Görüş çərçivəsində Tramp Çin Sədri Si Cinpini sentyabrın 24-də Vaşinqtona rəsmi səfərə dəvət edib. ABŞ prezidenti bunu Pekində onun şərəfinə təşkil olunan ziyafət zamanı açıqlayıb. Tramp həmçinin danışıqları “çox məhsuldar” adlandıraraq, tərəflərin müxtəlif məsələlər üzrə geniş fikir mübadiləsi apardığını qeyd edib.
ABŞ prezidenti “Fox News” telekanalına açıqlamasında Çin tərəfinin İrana hərbi yardım göstərməyəcəyini bildirib. Onun sözlərinə görə, Si Cinpin bu barədə şəxsən təminat verib. Tramp əlavə edib ki, Çin lideri Yaxın Şərqdəki münaqişələrin nizamlanmasına yardım göstərməyə hazır olduğunu ifadə edib.
Görüş zamanı Tayvan məsələsi də əsas müzakirə mövzularından biri olub. Si Cinpin bildirib ki, Tayvan probleminə yanlış yanaşma Çin və ABŞ arasında birbaşa qarşıdurmaya səbəb ola bilər:
“Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər düzgün həll olunarsa, münasibətlər sabit qalacaq. Əks halda, iki ölkə toqquşa və hətta münaqişəyə girə bilər”, – Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərindən sitat gətirib.
Çin lideri həmçinin Tayvanın müstəqilliyinə yönələn təşəbbüslərin regionda sülh və sabitliklə uyğun gəlmədiyini vurğulayıb.
Danışıqların yekununda Si Cinpin Donald Trampla Çin və ABŞ arasında konstruktiv münasibətlərin qurulması barədə razılığa gəldiklərini açıqlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq tərəfindən yayılan bəyanatda qeyd olunub ki, tərəflər iki ölkə arasında sabit, sağlam və davamlı münasibətlərin inkişaf etdirilməsini hədəfləyir.
Si Cinpin bildirib ki, Çin–ABŞ münasibətləri hər iki ölkədə yaşayan 1,7 milyarddan çox insanın rifahına və dünya üzrə milyardlarla insanın maraqlarına təsir göstərir. O, hər iki tərəfin tarixi məsuliyyət daşıdığını və münasibətlərin düzgün istiqamətdə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bizi WhatsApp – da izləyin.