Hərbi çağırış bildirişləri artıq SMS və e-poçtla da göndəriləcək

Çağırışçılara hərbi xidmətə çağırış barədə bildiriş yalnız rəsmi sənədin təqdim edilməsi yolu ilə deyil, həm də digər kommunikasiya vasitələri, o cümlədən qısa mesaj vasitəsilə göndəriləcək.

Bununla bağlı Parlament Müdafiə Nazirliyinin təqdim etdiyi qanunvericilik dəyişikliklərini təsdiqləyib.

Yeni qaydalara əsasən, çağırış ilk növbədə şəxsə rəsmi bildirişin təqdim olunması ilə həyata keçiriləcək. Bu, şəxsin imzası ilə təsdiqlənməlidir. Əgər şəxs sənədi imzalamaqdan imtina edərsə, həmin fakt bildirişi təqdim etmək səlahiyyəti olan şəxsin imzası ilə təsdiq ediləcək. Texniki və ya digər kommunikasiya vasitələri ilə göndərilən bildiriş isə geri əlaqə və aidiyyəti qurumun tərtib etdiyi aktla təsdiqlənəcək.

Qanun layihəsinə görə, əgər çağırışçıya bildirişin təqdim olunması mümkün olmazsa, yaxud 2 iş günü ərzində SMS və ya elektron poçt vasitəsilə geri əlaqə baş tutmazsa və ya poçtla göndəriş mümkün olmazsa, hərbi qeydiyyat orqanı rəsmi internet səhifəsində çağırış bildirişini dərc edəcək. Bildiriş yayımlandıqdan 7 təqvim günü sonra təqdim edilmiş hesab olunacaq.

Bu halda şəxs çağırış barədə rəsmi bildirişin təqdim olunmasından sonra 10 təqvim günü ərzində hərbi qeydiyyat orqanına müraciət etməli olacaq.

Yeni dəyişikliklərə əsasən, hökumətin qərarı ilə çağırış bildirişinin təqdim oluna biləcəyi ailə üzvlərinin siyahısı da müəyyən ediləcək.

Bundan başqa, Müdafiə Qüvvələrində xidmətlə bağlı bir sıra qaydalar da yenilənir. Hazırkı qaydalara görə, çağırışçı müqaviləli hərbi xidmət keçərkən müqaviləni ləğv edərsə və 12 ay xidmət müddətini tamamlamayıbsa, 6 və ya 8 aylıq məcburi hərbi xidmətə göndərilir.

Yeni dəyişikliklərə əsasən isə peşəkar hərbi xidmətdə olan şəxs müqaviləni pozduğu halda, çağırışdan azadolma və ya möhlət hüququ, yaxud sənədlərlə təsdiqlənmiş ağır ailə vəziyyəti yoxdursa, avtomatik olaraq 8 aylıq məcburi hərbi xidmətə keçiriləcək.

Eyni zamanda, müqavilə şərtlərinin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı da dəyişikliklər edilib. Belə ki, peşəkar hərbi xidmətdən məcburi xidmətə keçirilən şəxsin müqaviləni pozduğuna görə ödəməli olduğu cərimə 8 ay müddətinə təxirə salınacaq, xidmət başa çatdıqdan sonra isə bu öhdəlik tamamilə ləğv olunacaq.

Bizi WhatsApp – da izləyin.