ABŞ sanksiyaları: İran aviaşirkətlərinin Gürcüstana uçuşları dayandırılır
ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar fonunda sanksiyaya məruz qalan İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən dayandırılacaq.
İran bazarında fəaliyyət göstərən “Georgia Holiday” turizm şirkəti sanksiyaya məruz qalan aviaşirkətlərin Gürcüstana son reyslərini sentyabrın 20-də həyata keçirəcəyini təsdiqləyib.
Gürcüstan Mülki Aviasiya Agentliyi sentyabrın 10-da açıqlama yayaraq, ölkənin beynəlxalq sanksiya rejiminə tam əməl edəcəyini və ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiya mexanizmlərini nəzərə alacağını bildirib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-də İranın aviasiya sektorunu dəstəkləməkdə ittiham olunan 36 şirkət və quruma qarşı sanksiyalar tətbiq edib. Siyahıya Gürcüstan istiqamətində uçuşlar həyata keçirən bəzi İran aviaşirkətləri də daxil edilib.
Məlumata görə, sentyabrın 15-də Batumiyə “Varesh Airlines”, Tbilisiyə isə “Fly Kish” və “Varesh Airlines” şirkətlərinin reysləri planlaşdırılıb. “Fly Sepehran” aviaşirkətinin saytında isə Tehran–Tbilisi reysləri sentyabrın 19-dan sonra görünmür.
Bizi WhatsApp – da izləyin.