Gürcüstanda əcnəbilərin cərimələrdən şikayət qaydası dəyişib
Gürcüstanda qanuni qalma müddəti başa çatmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə qalma qaydalarının pozulmasına görə tətbiq edilən cərimənin şikayət edilməsi ilə bağlı qaydalar dəyişib.
Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 191-ci maddəsi ilə nəzərdə tutulan qərarın və ya cərimə qəbzinin şikayət edilməsi artıq tətbiq olunan sanksiyanın icrasını dayandırmayacaq.
Yeni qayda avqustun 31-dən qüvvəyə minib.
Hazırkı qaydalara əsasən, əcnəbi şəxs Gürcüstanda qanuni qalma müddətini başa çatdıqdan sonra ölkədə qalmaqda davam edərsə, ona cərimə tətbiq olunur. Cərimənin məbləği qanuni qalma müddətinin nə qədər aşılmasından asılıdır.
Belə ki, qanuni qalma müddəti 3 ayadək aşılarsa, cərimə 1 000 lari təşkil edir və həmin şəxsin Gürcüstana girişinə 6 ay müddətinə qadağa qoyulur.
Qanuni qalma müddəti 3 aydan çox, 1 ilədək aşılarsa, cərimə 2 000 lari olur və Gürcüstana giriş 2 il müddətinə qadağan edilir.
Qanuni qalma müddəti 1 ildən çox aşılarsa, cərimə 3 000 lari təşkil edir və şəxsin Gürcüstana girişinə 3 il müddətinə qadağa qoyulur.
Həmçinin Gürcüstan ərazisindən tranzit keçid qaydalarının pozulmasına görə 500 lari məbləğində cərimə nəzərdə tutulur.
Məcəllənin 191-ci maddəsi Gürcüstanda əcnəbi şəxsi dəvət edən, ona xidmət göstərən və ya onun xidmətlərindən istifadə edən fiziki şəxslər və Gürcüstanda qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün də məsuliyyət müəyyən edir. Bu qaydaların pozulması halında xəbərdarlıq və ya 2 000 lari məbləğində cərimə tətbiq edilə bilər.
Əsas dəyişiklik isə cərimənin şikayət edilməsi qaydasına aiddir. Bundan sonra 191-ci maddə üzrə qəbul edilmiş qərarın və ya cərimə qəbzinin məhkəmədə və ya digər qaydada şikayət edilməsi onun icrasını dayandırmayacaq. Yəni yalnız şikayət verilməsi tətbiq olunan sanksiyanın icrasını təxirə salmayacaq.
Bundan əlavə, 191-ci maddənin ilk dörd hissəsi ilə nəzərdə tutulan cərimə ödənilmədiyi halda, bununla bağlı məlumat Gürcüstan Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına təqdim ediləcək.
Cərimə ödənilənədək həmin şəxsə Gürcüstan vizası verilməyəcək və ölkəyə giriş icazəsi də təqdim edilməyəcək.
Qeyd edək ki, oxşar dəyişikliklər İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi ilə nəzərdə tutulan hallara da şamil edilib. Sözügedən maddə, o cümlədən, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə aiddir. Bu halda da sürücülük hüququnun dayandırılması barədə qərarın şikayət edilməsi onun icrasını dayandırmır.
Bizi WhatsApp – da izləyin.