Gürcüstanda Azərbaycan dili tədrisinin artırılması ilə bağlı müzakirələr aparılıb

Bakıda işgüzar səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Nazir əvvəlcə BDU-nun rektoru Elçin Babayevlə, daha sonra Universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

Görüşdə çıxış edən Universitetin rektoru Elçin Babayev qonaqları Azərbaycanın ilk və ən böyük təhsil ocağı BDU-da görməkdən məmnunluğunu ifadə edib, BDU və Gürcüstan universitetləri arasında elm və təhsil sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Azərbaycanın aparıcı universiteti olan BDU ilə əməkdaşlığın iki ölkə arasında dostluq münasibətlərinə töhfə verəcəyinə əminliyini bildirib və rektor Elçin Babayevi Gürcüstana səfərə dəvət edib. O qeyd edib ki, BDU Tbilisi Dövlət Universiteti, Kutaisi Beynəlxalq Universiteti ilə çox yaxşı əməkdaşlıq perspektivlərinə malikdir. Nazir hazırda Tbilisi Dövlət Universitetində Azərbaycanşünaslıq ixtisasının tədris edildiyini diqqətə çatdırıb. O, BDU ilə Gürcüstanda Azərbaycan dilinin tədrisinin artırılması və BDU-da gürcü dilinin tədrisi ilə bağlı ilkin müzakirələr aparıldığını bildirib.