Batıxan Vilayət oğlu Xiyalovla görüş keçirilib – VİDEOREPORTAJ

Uzun illər Gürcüstanın müxtəlif ali təhsil ocaqlarında çalışmış, Gürcüstan qəzetinin jurnalisi olaraq fəaliyyət göstərmiş, eləcə də 64 saylı Tbilisi şəhər ictimai məktəbində ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Batıxan Vilayət oğlu Xiyalovun 88 yaşının tamam olması münasibətilə görüş keçirilib.

Bizi WhatsApp – da izləyin.

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə Dmanisidən, Marneulidən, Qardabanidən, eləcə də Tbilisidən gəlmiş məktəb direktorları, qocaman müəllimin azərbaycanlı və gürcü həmkarları, zamanında dərs dediyi və onunla çiyin çiyinə çalışmış müəllimlər, eləcə də ailə üzvləri iştirak ediblər. Görüş zamanı Batıxan Vilayət oğlunun ömür yolu barədə iştirakçılara ətraflı məlumat verilib. Onun uzun illər Gürcüstanın müxtəlif dövlət qurumlarında, həmçinin ali təhsil ocaqlarında və mətbuat sahəsində xidmət göstərdiyi vurğulanıb.

Fəaliyyəti dövründə hər zaman gənc nəslin inkişafına, dərin elmi-biliyə yiyələnmələrinə böyük diqqət göstərən Batıxan müəllimin 64 saylı Tbilisi şəhər ictimai məktəbində şagirdlərə tarix və coğrafiya fənnlərini tədris etdiyi bildirilib.

Onu da bildirək ki, görüş zamanı GAMİ-nin sədri Səadət Zeynalqızı Batıxan Xiyalovu gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının xüsusi Fəxri Fərmanı ilə də təltif edib.

Məlumat üçün onu da bildirək ki, Batıxan Xiyalov 1937-ci ildə Qardabani bələdiyyəsinin Kosalı kəndində dünyaya göz açıb.

Bir daha Batıxan müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayırıq!