Baş Nazir Gürcüstanda olan Ukrayna vətəndaşları ilə bağlı sərəncam imzalayıb

Gürcüstan Hökumətinin qərarına əsasən, Ukrayna ərazisində aparılan hərbi əməliyyatlar səbəbindən Gürcüstana daxil olmuş və fasiləsiz olaraq ölkədə qalan Ukrayna vətəndaşları 2026-cı il aprelin 1-dək tibbi xidmətlərdən yararlanacaqlar.

Bu barədə sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.

Müvafiq tibbi xidmətlərin göstərilməsini Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi təmin edəcək.

Ukrayna vətəndaşları üçün müvafiq ilin dövlət səhiyyə proqramları çərçivəsində aşağıdakı tibbi xidmətlər nəzərdə tutulur: immunizasiya; vərəm, HİV infeksiyası və QİÇS-in müalicəsi, o cümlədən xüsusi dərman preparatları ilə təminat; ana və uşaq sağlamlığı, o cümlədən antenatal nəzarət və yenidoğulmuşların skrininqi; psixi sağlamlıq; diabetin idarə olunması, o cümlədən dərmanlarla təminat; dializ; nadir xəstəlikləri olan və daimi əvəzedici müalicəyə ehtiyacı olan pasiyentlərin müalicəsi; referal xidmətlər – təcili tibbi yardım xidmətləri, o cümlədən doğuş və təcili immunizasiya.

Qeyd edək ki, Gürcüstanda fasiləsiz qalma halına, şəxsin Gürcüstanın dövlət sərhədini keçib üç gündən artıq olmayan müddətdə geri qayıtması halları da daxil edilir.

Bizi WhatsApp – da izləyin.