Sərnişin daşımlarında yenilik: Nəqliyyat vasitələrinə bu qurğular quraşdırılmalıdır
Sərnişin daşımalarla məşğul olan nəqliyyat vasitələri üçün sürət məhdudlaşdırıcı qurğuların və taxoqrafın quraşdırılması məcburi olacaq.
“Mikroavtobuslar və minivenlər adi qaydada hərəkət edəcəklər. Taxoqraf və sürət məhdudlaşdırıcı qurğularla bağlı sürücülərə və servis mərkəzlərinə vaxt verilib. Yalnız avtobusla sərnişindaşıma məcburi olmayacaq, əsas tələb nəqliyyat vasitəsinin sürət məhdudlaşdırıcı qurğu və taxoqrafla təchiz edilməsidir”, – deyə Quru Nəqliyyat Agentliyindən “BusinessPressNews”-a bildiriblər.
Agentliyin açıqlamasına görə, dəyişikliklər sərnişin təhlükəsizliyinin artırılmasına, yol-nəqliyyat hadisələrinin azaldılmasına, yol təhlükəsizliyinin inkişafına və avtomobil nəqliyyatı sahəsində rəqabətli mühitin yaradılmasına xidmət edir.
“Yeni tənzimləmə ilə müntəzəm sərnişindaşımada yalnız M3 kateqoriyalı nəqliyyat vasitələrindən istifadə tələbi dəyişdirilir. Bununla yanaşı, ölkədaxili müntəzəm sərnişindaşımalar zamanı nəqliyyat vasitələrinin taxoqraf və sürət məhdudlaşdırıcı qurğu ilə təchiz edilməsi məcburi olur. Bu tələb M1 (miniven), M2 və M3 kateqoriyalı nəqliyyat vasitələrinə şamil edilir və sürücülərin iş və istirahət rejiminin, eləcə də hərəkət sürətinin nəzarətdə saxlanılmasını təmin edir.
Yeni öhdəliyin qüvvəyə minməsi üçün aşağıdakı müddətlər müəyyən edilib:
Taxoqrafdan istifadə məcburi olacaq:
- Tbilisi–Batumi istiqamətində hərəkət edən şəhərlərarası nəqliyyat üçün – 2027-ci il 1 iyun tarixindən;
- Digər bütün, aralarındakı məsafə 50 kilometrdən çox olan yaşayış məntəqələri arasında hərəkət edən nəqliyyat üçün isə – 2027-ci il 1 dekabr tarixindən.
Sürət məhdudlaşdırıcı qurğudan istifadə məcburi olacaq:
- Tbilisi–Batumi marşrutu üzrə hərəkət edən nəqliyyat vasitələri üçün – 2027-ci il 1 mart tarixindən;
- Digər bütün yaşayış məntəqələri arasında hərəkət edən şəhərlərarası nəqliyyat üçün isə – 2027-ci il 1 dekabr tarixindən.
Bu yanaşma sərnişin təhlükəsizliyinin artırılmasını, yol-nəqliyyat hadisələrinin azaldılmasını, yol təhlükəsizliyinin inkişafını və avtomobil nəqliyyatı sahəsində rəqabətli mühitin formalaşdırılmasını eyni vaxtda təmin edən, balanslı və beynəlxalq praktikaya uyğun qanunvericilik çərçivəsi yaradacaq”, – deyə Quru Nəqliyyat Agentliyindən bildiriblər.
Bizi WhatsApp – da izləyin.