FERMERLƏRƏ XƏBƏRDARLIQ: Suvarma suyuna Dövlət dəstəyi…

Gürcüstanın Energetika və Su Təchizatı üzrə Tənzimləyici Milli Komissiyası (SEMEC) irriqasiya (suvarma) xidmətləri üçün yeni tarif müəyyən edib. Yeni tarif aprel ayından qüvvəyə minəcək.

Bu barədə məlumatı Milli Komissiya yayıb.

“Dəyişiklik xidmət keyfiyyətinin yaxşılaşdırılmasını, sistemlərin reabilitasiyasını, itkilərin azaldılmasını və fermerlər üçün suyun daha etibarlı şəkildə təmin olunmasını hədəfləyir. Tarifə meliorasiya sektorunun səmərəli fəaliyyəti üçün zəruri olan bütün vacib xərclər daxildir.

Qeyd edilməlidir ki, tarif artımı fermerlərin üzərinə tam şəkildə düşməyəcək, çünki dövlət subsidiyalaşdırma mexanizmi vasitəsilə meliorasiya sektoruna dəstəyi davam etdirir.

Yeni tarifin müəyyən edilməsi, prosesi daha şəffaf edəcək və meliorasiya xidmətlərinin real dəyərini aydın şəkildə göstərəcək. Fermerin qəbzində həm tam tarif, həm də dövlət tərəfindən maliyyələşdirilən subsidiyanın məbləği əks olunacaq ki, bu da dövlətin töhfəsini açıq şəkildə nümayiş etdirəcək.

Yeni tarif sistemi ədalətli prinsipə əsaslanır. İstifadəçi yalnız faktiki istifadə etdiyi suyun haqqını ödəyir və artıq məbləğ ödəmir. Bu yanaşma suvarma suyunun məqsədyönlü istifadəsinə, suyun vaxtında çatdırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. Sözügedən dəyişikliklə bağlı regionlarda fermerlərlə aktiv kommunikasiya başlanacaq.

‘Gürcüstan Meliorasiyası’ uzun illər ərzində sıradan çıxmış meliorasiya infrastrukturunun reabilitasiyası layihələrini ölkə miqyasında fəal şəkildə həyata keçirir. Bir sıra suvarma və drenaj sistemləri yenidən istismara qaytarılıb. Reabilitasiya olunmuş xüsusi stansiyalar istifadəyə verilib və suvarma şəbəkəsi qaydaya salınıb. Bu şəbəkə vasitəsilə onilliklər ərzində suvarılmayan kəndlərin əkin sahələrinə su çatdırılıb.

Gələcək illərdə həm dövlət büdcəsi, həm də beynəlxalq donor təşkilatlarının maliyyə dəstəyi hesabına ümumi dəyəri təxminən 605,8 milyon lari olan meliorasiya infrastrukturu layihələrinin həyata keçirilməsi planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Bizi WhatsApp – da izləyin.