Baş nazir patriarx seçimi ilə bağlı çağırış etdi
Gürcüstanda patriarxın seçilməsi prosesi tam müstəqil olmalıdır.
Bu barədə baş nazir İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, yeni patriarxın seçilməsi məsələsi tam şəkildə Müqəddəs Sinodun səlahiyyətindədir və qərarı da məhz bu qurum qəbul etməlidir. O vurğulayıb ki, hakimiyyət prosesə müdaxilə etmir və etməməlidir.
Kobaxidze qeyd edib ki, eyni yanaşmanı müxalif qüvvələrə aid etmək mümkün deyil. Onun sözlərinə görə, bəzi siyasi opponentlər, media qurumları və qeyri-hökumət təşkilatları artıq bu mövzuda kampaniyaya başlayıblar.
Baş nazir bildirib ki, patriarx seçimi ilə bağlı prosesə müdaxilə cəhdləri qeyri-sağlam haldır və bu, kilsəyə münasibəti göstərir. O, ictimaiyyətə çağırış edərək, hər kəsi bu məsələdən uzaq durmağa səsləyib.
Kobaxidze həmçinin müxalifləri patriarx institutunun rolunu kiçiltməyə çalışmaqda ittiham edib. Onun sözlərinə görə, bu cür yanaşma əvvəlki illərdə də müşahidə olunub və hazırda da davam edir.
Baş nazir bir daha vurğulayıb ki, patriarxın seçilməsi prosesi tam müstəqil olmalı və bu məsələ ilə bağlı bütün qərarlar yalnız Müqəddəs Sinod tərəfindən verilməlidir.
Qeyd edək ki, bütün Gürcüstanın katolikos-patriarxı II İliya 93 yaşında vəfat edib. O, martın 22-də Sioni patriarxlıq kilsəsində dəfn olunub.
Bizi WhatsApp – da izləyin.