XÜSUSİ ƏMƏLİYYAT: 108 nəfər saxlanılıb – VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılmasına qarşı müvafiq polis tədbirlərini fasiləsiz rejimdə həyata keçirirlər.
Hüquq-mühafizə orqanları tərəfindən son 72 saat ərzində ölkə üzrə intensiv rejimdə aparılan operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotiklərin realizasiyası ilə məşğul olan və bu fəaliyyəti dəstəkləyən 108 nəfər saxlanılıb.
Bu barədə Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.
“Xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, realizasiyası, realizasiyaya yardım edilməsi, həmçinin narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ittihamı ilə həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları saxlanılıb.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərin əksəriyyəti narkotik vasitələrin satışını həyata keçirən cinayətkar sxemdə iştirak ediblər. Polis məhkəmə qərarı əsasında dəfələrlə nəzarət altında narkotik alışını həyata keçirib və bu alışların gizli audio və video qeydlərini aparıb.
Aparılmış gizli istintaq hərəkətləri nəticəsində onların cinayət əməlləri sübuta yetirilib.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş polis tədbirləri çərçivəsində xaricdən bağlamalar vasitəsilə gizli şəkildə göndərilmiş xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin realizasiyasını planlaşdıran narkotik cinayətkarlar da aşkar edilərək saxlanılıb.
Polis tərəfindən, həmçinin xüsusilə külli miqdarda narkotik vasitələrin yayılmasına cəhdin növbəti genişmiqyaslı faktının qarşısı alınıb və xarici ölkə vətəndaşı saxlanılıb. Aparılmış istintaq hərəkətləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs İmereti və Acara regionlarında sonradan satış məqsədilə 600-dən artıq lokasiyada müxtəlif növ narkotik vasitələr yerləşdirib. Təqsirləndirilən şəxsin mobil telefonunda konkret yerlərin fotoşəkilləri, müvafiq işarələr və yerləşmə məlumatları aşkar edilib.
Hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində aparılmış axtarışlar nəticəsində, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb. Bunlara “kokain”, “heroin”, “metadon”, “alfa-PVP”, “MDMA”, “buprenorfin” və “klefedron” daxildir.
Aparılmış istintaq hərəkətləri nəticəsində polis tərəfindən həmçinin narkotiklərin qablaşdırılması üçün materiallar və ehtimal ki, narkotik satışından əldə olunmuş pul vəsaitləri də götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-260-cı, 260-cı, 260-cı tersiya, 260-cı kvarta, 261-ci və 265-ci prima maddələri ilə aparılır ki, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və yayılmasına qarşı keçirilən tədbirlərin nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verilir. Cəmiyyətə məlum olduğu kimi, narkotiklərin satışı, satışa cəhd və ölkəyə gətirilməsi ilə bağlı yüzlərlə faktın qarşısı alınıb. Bu istiqamətdə hüquq-mühafizə orqanları gələcəkdə də barışmaz mübarizəni aktiv şəkildə davam etdirəcək və cinayətkar sxemdə iştirak edən şəxslər qanunun tam sərtliyi ilə məsuliyyətə cəlb olunacaqlar.”- deyə nazir müavini brifinqdə bildirib.
Bizi WhatsApp – da izləyin.