Kobaxidze: Gürcüstanda narkotiklərlə mübarizə gücləndirilib, rekord həcmdə heroin müsadirə olunub
“Ötən il Gürcüstanda narkotiklərlə mübarizə istiqamətində səylər əhəmiyyətli dərəcədə gücləndirilib”.
Bu barədə Baş nazir İrakli Kobaxidze Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı çərçivəsində Avropa Narkotiklərə Qarşı Koalisiyasının görüşü zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, görülən tədbirlər həm ölkədaxili narkotik ticarətini, həm də tranzit daşımaları əhatə edib:
“Təkcə 2025-ci ildə 3000-dən çox narkodiler saxlanılıb. Gürcüstan kimi kiçik ölkə üçün bu, çox böyük göstəricidir”, – deyə Kobaxidze qeyd edib.
Baş nazir əlavə edib ki, ötən il narkotiklərlə bağlı cinayətlərin aşkar olunma göstəricisi 87 faiz artıb. Eyni zamanda, 144 beynəlxalq narkotik qaçaqmalçılığı faktı aşkarlanıb:
“Gürcüstan tranzit ölkədir və təbii olaraq Asiya ilə Avropanı birləşdirir. Bu isə beynəlxalq narkotik ticarəti baxımından xüsusi çağırışlar yaradır. Məsələn, ötən il 900 kiloqramdan çox heroin müsadirə olunub ki, bu da ölkə üçün rekord göstəricidir”.
Kobaxidzenin sözlərinə görə, əsas problemlərdən biri də narkotiklərin onlayn satışı ilə bağlıdır:
“Hazırda bu məsələ ilə mübarizə əsas prioritetlərimizdəndir. Beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırıq, təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüslər həyata keçirmək niyyətindəyik”, – deyə baş nazir bildirib.
Bizi WhatsApp – da izləyin.