İdmançılarımız Rustavidə Dünya və Avropa kəmərləri uğrunda mübarizə aparacaqlar – VİDEO

May ayının 24-də Rustavi şəhərində Dünya və Avropa Çempionluğu Uğrunda Böyük Döyüş Gecəsi Keçiriləcək.

Belə ki, Rustavi İdman Sarayında beynəlxalq döyüş təşkilatı olan “Imperium Championship” ilk tədbirini keçirəcək. “Imperium Championship 1” adı altında baş tutacaq gecədə Gürcüstanı təmsil edən 10 yerli idmançı, müxtəlif ölkələrdən gələn 10 xarici idmançı ilə qarşılaşacaq.

Tədbirə dünya səviyyəsində tanınmış döyüş ustalarının və idman ictimaiyyətinin məşhur simaları qatılacaq. Gecənin qonaqları arasında əfsanəvi kikboksçu Zabit Səmədov, Dünya və Avropa Çempionu Alim Nəbiyev və digər tanınmış şəxslər olacaq.

Gecənin əsas döyüşündə Gürcüstan və Türkiyəni təmsil edən peşəkar kikboks üzrə dünya çempionu Kenan Bayramov Tacikistan təmsilçisi Abubakr Qodirjonov ilə çempionluq kəməri uğrunda qarşılaşacaq.

İkinci əsas döyüşdə isə Gürcüstan təmsilçisi Emil Xəlilov Hollandiya idmançısı Soufian Houli ilə peşəkar Avropa çempionluq kəməri uğrunda mübarizə aparacaq.

Bundan əlavə, gecə ərzində Gürcüstanın bir çox tanınmış idmançıları müxtəlif ölkələrin nümayəndələrinə qarşı rinqə çıxacaqlar.

Qeyd edək ki, biletləri +995 510 00 41 11 telefon nömrəsilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Məlumat üçün onu da bildirək ki, tədbirin baş sponsorluğunu Gardabanili iş adamı Nəriman Bairamov həyata keçirir. O, özünə məxsus Lunar Invest şirkəti vasitəsilə təşkilata dəstək göstərərək, Gürcüstan idmanının inkişafı və gənc idmançıların beynəlxalq arenada tanınması üçün maddi və mənəvi töhfə verir.

Bizi WhatsApp – da izləyin.