Kaxetidə Gürcüstan və Azərbaycan DİN nümayəndələrinin görüşü keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyi Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndə heyətini Kaxeti bölgəsində qəbul edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki ölkənin sərhədyanı bölgələrinin polis bölmələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinə Azərbaycan DİN-in Axtarış Departamentinin rəisi Müzaffər Məmmədov rəhbərlik edib.

Səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze azərbaycanlı həmkarları ilə işgüzar görüş keçirib. Görüş zamanı sərhədyanı regionların polis bölmələri arasında əməkdaşlıq məsələləri və prioritet istiqamətlər müzakirə olunub. Tədbirdə, həmçinin Gürcüstan DİN-in müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Tərəflər qonşu regionlar arasında hüquq-mühafizə sahəsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, mövcud əlaqələrin genişləndirilməsi məqsədilə birgə fəaliyyətin aktiv şəkildə davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

Görüşün sonunda tərəflər Gürcüstan və Azərbaycan hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid ifadə ediblər.

Bizi WhatsApp – da izləyin.