Marneuli bazarındakı silahlı hücum: birinə ömürlük, digərinə 20 il
Rustavi Şəhər Məhkəməsi Marneuli bazarında ata və oğul – Tamaz Bayramov və Sahib Bayramova qarşı törədilən silahlı hücumla bağlı cinayət işi üzrə iki şəxsi təqsirli bilib.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxslərdən biri ömürlük azadlıqdan məhrumetmə, digəri isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhkəmə prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib və şəxsləri ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, adam öldürməyə cəhd, hədə-qorxu ilə pul tələb etmə, silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, həmçinin “oğru dünyası”na üzvlükdə təqsirli bilib.
Məhkəmədə araşdırılan sübutlarla müəyyən edilib ki, bu il yanvarın 4-də “oğru dünyası”nı tanıdığını bildirən təqsirləndirilən şəxs digər təqsirləndirilənin təşkilatçılığı və göstərişi ilə Marneuli bazarında zərərçəkənlərə məxsus mağazada ata və oğula bir neçə dəfə atəş açıb.
Atəş açılması nəticəsində həyat üçün təhlükəli ağır xəsarətlər alan oğul həmin gün xəstəxanada vəfat edib. Ata isə vaxtında göstərilən tibbi yardım nəticəsində həyatını itirməkdən xilas olub.
Hadisənin birbaşa icraçısı yanvarın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 109-cu maddəsinin müvafiq bəndləri ilə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, 19-109-cu maddə ilə iki şəxsi qəsdən öldürməyə cəhd, 236-cı maddənin 6-cı hissəsinin “a” bəndi ilə silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, 223¹ maddəsinin 1-ci hissəsi ilə “oğru dünyası”na üzvlük, həmçinin 344-cü maddənin 1-ci hissəsi ilə dövlət sərhədini qanunsuz keçmə ittihamları irəli sürülüb.
Cinayətin təşkilatçısı və sifarişçisi barəsində isə ittiham qiyabi qaydada irəli sürülüb. O, qəsdən adam öldürmənin və iki şəxsi qəsdən öldürməyə cəhdin təşkili, silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, “oğru dünyası”na üzvlük, üç epizod üzrə külli miqdarda pul əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələb etmə, həmçinin özgənin əmlakının yandırılaraq və qrup halında məhv edilməsinin təşkili ilə ittiham olunub.
Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam bölüşərək hər iki şəxsi onlara qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilib və müvafiq cəzalar təyin edib.