15 qanunsuz valyutadəyişmə məntəqəsi aşkarlanıb
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Acarıstan, Sameqrelo və Şida Kartli bölgələrində qanunsuz fəaliyyət göstərən 15 valyutadəyişmə məntəqəsi aşkarlayıblar.
İstintaq Xidmətinin məlumatına görə, araşdırma nəticəsində həmin məntəqələrin Milli Bankın müvafiq icazəsi olmadan və qanunvericiliklə müəyyən edilmiş tələbləri pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Məhkəmə qərarı əsasında 15 ünvanda axtarış aparılıb. Axtarışlar zamanı külli miqdarda milli və xarici valyuta, kompüter avadanlıqları və müvafiq inventar müsadirə olunub.
Müsadirə edilən valyutanın ümumi dəyərinin 356 min laridən çox olduğu bildirilib.
Keçirilən tədbirlər nəticəsində 16 nəfər barəsində cinayət təqibinə başlanılıb. Onlardan 9 nəfər saxlanılıb.
Hazırda cinayət əməllərində iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.
İstintaq Cinayət Məcəlləsinin 192-ci maddəsinin birinci və ikinci hissəsinin “b” yarımbəndi ilə aparılır. Sözügedən maddə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.