Daştəpə kəndində baş vermiş hadisə ilə bağlı 3 nəfər saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyi Marneuli bələdiyyəsində polisə hücum etməkdə təqsirləndirilən 3 nəfəri saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Kvemo Kartli Polis Departamentinin Marneuli Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər – 2003-cü il təvəllüdlü A.B., Q.O. və 2002-ci il təvəllüdlü E.G. polisə hücum etmək ittihamı ilə həbs edilib. Saxlanılan şəxsləri 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
İstintaqla müəyyən edilib ki, aprelin 12-də A.B. saxlanılan şəxslərdən biri avtomobili idarə edərkən qəzalı vəziyyət yaradıb, bundan sonra patrul polisinin nümayəndələri onu maşını saxlamağa çağırıblar. Sürücü asayiş keşikçilərinin çağırışına tabe olmayıb və Marneuli Bələdiyyəsinin kəndlərindən biri istiqamətində yoluna davam edib. Nəticədə hərəkətin təhlükəsizliyini təmin edə bilməyən sürücünün maşını sürüşərək aşıb. A.B və onunla birlikdə avtomobildə olan şəxslər, Q.O və E.K hüquq-mühafizə orqanlarının əməkdaşlarını sözlü və fiziki təhqir edərək, Daxili İşlər Nazirliyinin balansında olan avtomobilə ziyan vurublar. Hadisə zamanı yerli əhalinin bir hissəsi hadisə yerinə toplaşaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisədə iştirak edən şəxslərin saxlanılmasına mane olublar. Onlar hadisə yerindən gizlənə bilsələr də, həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində sürücü və onun iki sərnişini polis əməkdaşları tərəfindən saxlanılıb.
Onu da bildirək ki, hadisə ilə əlaqədar polisə hücumla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə araşdırma aparılır.