Baş nazir İrakli Kobaxidze Dənizçilər Gününə həsr edilmiş tədbirdə iştirak edib – FOTO

“Gürcü dənizçilərinin əməyi nəticəsində Gürcüstan Qara dəniz regionunda aparıcı dəniz ölkəsinə çevrilib, beynəlxalq dəniz sənayesində Gürcüstanın dövlət bayrağının nüfuzu da artır”.

Bunu baş nazir İrakli Kobaxidze Beynəlxalq Dənizçilər Günü ilə bağlı keçirilən tədbirdəki çıxışında bildirib.

Baş nazir bildirib ki, beynəlxalq gəmiçilik dünya iqtisadiyyatı üçün əvəzsiz rol oynayır: “Burada olan dənizçilərimizi və bu gün uzaqlarda olanları da Beynəlxalq Dənizçilər Günü münasibətilə təbrik edirəm. Beynəlxalq gəmiçilik təbii olaraq dünya iqtisadiyyatı üçün əvəzsiz rol oynayır. Həmçinin Gürcüstanın davamlı iqtisadi inkişafı, bütövlükdə ölkəmizin güclənməsi üçün hər bir dənizçinin rolu unikaldır. Bu missiya yeni qlobal nizamın formalaşması prosesində ölkəmizin əsas əhəmiyyətinin daha da qabardıldığı bu gün xüsusilə aydın görünür.

“Orta Dəhliz” – Avropa ilə Asiyanı birləşdirən ən qısa yol bu gün Gürcüstandan keçir. Ölkəmizin regionun sabitliyi və inkişafı üçün artan strateji əhəmiyyəti sizin peşəkarlığınızın, gündəlik işinizin xüsusi əhəmiyyətini açıq şəkildə göstərir. Bu işlərin nəticəsi olaraq Gürcüstan Qara dəniz regionunda aparıcı dəniz ölkəsinə çevrildi. Bu gün ölkəmizin və dünyanın 74 dövlətinin bayrağı altında üzən gəmilərdə gürcü dənizçilərinin sayı 18 min nəfəri ötür və bu rəqəm ildən-ilə artır”, – deyə İrakli Kobaxidze vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan hökuməti dənizçilərə dəyər vermək, dənizçilik sektorunu inkişaf etdirmək və gücləndirmək, dənizçilik sektorunu daha təhlükəsiz iş yerinə çevirmək üçün bir çox addımlar atıb.

Məlumat üçün onu da bildirək ki, Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze gürcü dənizçilərini peşə günü münasibətilə təbrik ediblər. Beynəlxalq Dənizçilər Gününə həsr olunmuş təntənəli tədbirdə Gürcüstan hökumətinin, yerli hakimiyyət orqanlarının və diplomatik korpusun nümayəndələri iştirak ediblər.