“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” pulsuz hüquqi yardım xidməti göstərir

Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” bələdiyyənin 36 azərbaycanlı kəndinə pulsuz hüquqi yardım xidməti göstərir.

Bu barədə Mərkəzdən məlumat verilib.

Mərkəzin hüquqşünası Əmrah İbrahimov Mərkəzə hüquqi xidmətlər üzrə müxtəlif yaş qruplarından olan şəxslərin müraciət etdiyini deyib. O, müraciətlərin əsasən mülkü və daşınmaz əmlakla bağlı olduğunu, eyni zamanda məhkəmələrə məktub və müraciətlərin yazılması və digər hüquqi yardımlar da göstərildiyini nəzərə çatdırıb.

“Mərkəzdə pulsuz hüquqi xidmət Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində həyata keçirilir. Son zamanlar ən çox müraciətlər hazırda Azərbaycanda övladları ilə yaşayan  və Gürcüstan vətəndaşı olan yaşlı nəslin nümayəndələrindən gəlir. Fürsətdən istifadə edib onlara bildirmək istəyirəm ki, Gürcüstan qanunvericiliyinə görə pensiya yaşına çatmış vətəndaşlara pensiya ancaq fondda  qeydiyyatda keçdikdən sonra təyin edilir. Əgər bir ildən sonra qeydiyyatdan keçsələr bu bir ilin pensiyası vətəndaşa verilmir. Buna görə də pensiya vaxtı çatmış insanlara vaxtında qeydiyyatdan keçməyi məsləhət görürük. Təbii ki,  bu məsələ bir nümunədir, ancaq digər məsələlərin həlli üçün biz  vətəndaşları maarifləndirmək məqsədilə qısa videoçarxlar hazırlayıb sosial şəbəkələrdə yayımına da başlamışıq” – deyə Əmrah İbrahimov bildirib.