Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib
Azərbaycanın Laçın rayonunda təşkil olunmuş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Əvvəlcə V Yay Düşərgəsinin qısa xülasəsini əks etdirən videoçarx nümayiş olunub.
Sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək V Yay Düşərgəsinin Azərbaycanın dilbər guşələrindən olan Laçında keçirilməsinin önəmindən danışıb və bu düşərgənin gənclərin yaddaşında silinməz izlər buraxacağına inandığını bildirib. Laçının ilk dəfə olaraq dünyanın 60 ölkəsindən gələn qonağa ev sahibliyi etdiyini vurğulayıb.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev düşərgənin Laçında keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dünyanın 60 ölkəsindən 115 gəncin Laçında olması, düşərgədə iştirak etməsi çox qürurverici bir hadisədir. Hüseyn Quliyev bu cür tədbirlərin gələcəkdə də Laçında keçiriləcəyinə ümidini ifadə edib.
Sonra düşərgə iştirakçılarına sertifikatlar, breyn rinq və futbol oyunlarının qaliblərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115 gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.