Ukrayna XİN Gürcüstan rəhbərliyinin Zelenski ilə bağlı bəyanatlarını rədd edib
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Vladimir Zelenskinin Tbilisidəki etirazları dəstəkləməsi ilə bağlı Gürcüstan rəhbərliyi tərəfindən verilən bəyanatları rədd edib.
Bu barədə nazirliyin sözçüsü Oleq Nikolenko bildirib.
Nikolenko qeyd edib ki, Gürcüstan hakimiyyətinin nümayəndələri Ukraynanı Gürcüstanda dövlət çevrilişi hazırlamaqda, onu Rusiya ilə müharibəyə sürükləməkdə, vətəndaş müharibəsini qızışdırmaq üçün Gürcüstana qüvvələr göndərməkdə ittiham ediblər: “Biz reallıqla heç bir əlaqəsi olmayan bu cür iddiaları qəti şəkildə rədd edirik”.
XİN sözçüsü Gürcüstan hakimiyyətinin adını çəkmədən vurğulayıb ki, Ukrayna xalqı gürcü xalqının dostu olub və olacaq.