Universitetlərin nəzdində Heydər Əliyev adına auditoriyaların yaradılması planlaşdırılır
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əməkdaşları Gürcüstana səfərə gəliblər.
DİDK-nın və ADDF-nin nümayəndə heyəti Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra nümayəndə heyətinin üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar.
Görüşdə Komitənin və Fondun dəstəyi ilə Gürcüstanda həyata keçirilən layihələr barədə danışılıb.
Eyni zamanda, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Gürcüstanda həyata keçirilən müxtəlif layihələr barədə müzakirələr aparılıb.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev deyib ki, DİDK-nın və ADDF-nin bu ölkədə reallaşdırdığı layihələr təqdirəlayiqdir.
Qeyd edilib ki, Komitənin dəstəyi ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində, “Alyans” Gənclər Mərkəzində həyata keçirilən layihələr xüsusi əhəmiyyət kəsb edir.
Sonra səfir “Heydər Əliyev İli” çərçivəsində Gürcüstanda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib.
Bildirilib ki, Tbilisi Dövlət Universitetinin və digər ali məktəblərin nəzdində Heydər Əliyev adına auditoriyaların yaradılması nəzərdə tutulur.