Baş nazir müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib – FOTO
İftarın qeyd edilməsi bizim birliyimizin, qardaşlığımızın və dostluğumuzun daha bir sübutudur.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan müsəlman icmasının şərəfinə təşkil olunan iftarda çıxışı zamanı bildirib.
“Sizi müqəddəs Ramazan ayı münasibətilə ürəkdən təbrik edir və iftara gəldiyiniz üçün təşəkkür edirəm. Mən dostlarımı, əziz müsəlman icmamızın ruhani rəhbərlərini xüsusi hörmətlə salamlayıram. Bütün müsəlmanları, ölkəmizin bütün vətəndaşlarını müqəddəs Ramazan ayı münasibətilə təbrik etmək istəyirəm.
Cənab Zaza haqlı olaraq qeyd etdi ki, biz bu ənənəyə bir neçə il əvvəl başlamışıq və onu uğurla davam etdiririk. İftarın keçirilməsi birliyimizin, qardaşlığımızın, dostluğumuzun daha bir sübutudur. Bilirsiniz ki, biz bir-birimizin inancına, adət-ənənəsinə, mədəniyyətinə xüsusi hörmətlə yanaşırıq. Bu, bizim hamımızın fəxr etdiyimiz bir xəzinədir. Bu, atalarımızdan bizə qalan mirasdır. Ona görə də hər bir hökumət bu irsi, bu xəzinəmizi qoruyub saxlamağa, möhkəmləndirməyə və gələcək nəslə ötürməyə borcludur.” – deyə İrakli Qaribaşvili bildirib.
Baş nazirin sözlərinə görə, ölkəmiz müsəlman icmasının birliyi baxımından unikaldır.
“Ölkəmizin müsəlman icmasının birliyi baxımından seçildiyini vurğulamaq istərdim. Bu torpaqda sünnilərlə şiələr, gürcülər, azərbaycanlılar, kistlər, inquş müsəlmanları dinc yanaşı yaşayırlar. Mən heç kəsi kənarda qoymaq istəmirəm, amma bu, bütöv bir müsəlman icmasıdır, bizim ümumi, böyük ailəmizi, Gürcüstanı gücləndirən böyük bir ailədir.
Qeyd etmək istərdim ki, zəhmətkeşliyi və ölkəyə sədaqəti ilə seçilən icmanızın vətənimizin tərəqqisinə və qüdrətlənməsinə verdiyi töhfəni biz çox yüksək qiymətləndiririk.
Cənab Zaza qeyd etdi ki, mənim ilk baş nazir olduğum dövrdə Din Agentliyi yaradılıb. O vaxtdan bəri biz çoxlu yaxşı tədbirlər keçirmişik, çox mühüm işlər öz həllini tapıb və bu proses təbii ki, davam edir. Din Qurumunun yarandığı gündən indiyədək 228 məscid müsəlman icmasına təhvil verilib, 70-ə yaxın məscid isə təhvil verilməlidir. Biz bu addımı tezliklə tamamlayacağıq.
Sizi bir daha təbrik edir, sizə sülh, cansağlığı və firavanlıq arzulayıram. Allah bizi qorusun”, – deyə hökumət başçısı bildirib.
Gürcüstan müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Ramin İgidov, Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov çıxış edərək, Baş nazirə təşəkkür ediblər.
İftarda dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.