Meloni: Ukrayna, Moldova və Gürcüstanın tutduğu yolu dəstəkləyirik
“Ukrayna, Moldova və Gürcüstanın tutduğu yolu dəstəkləyirik”.
Bunu İtaliyanın Baş naziri Giorgia Meloni “Avropa siyasi birliyi”nin bu gün Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən sammitindəki çıxışı zamanı deyib.
Meloni qeyd edib ki, Moldova, Ukrayna və Gürcüstanın Avropa İttifaqına daxil olması Aİ-nin genişlənməsi deyil, öz sərhədlərinə qayıtmasıdır:
“Avropa sadəcə bir klub deyil, sadəcə qaydalar və ya maraqlar deyil, insanların azad və bərabər olması ideyasına, həmrəylik və qanunun aliliyi kimi ideyalara əsaslanan sivilizasiyadır”, – deyə İtaliya hökumət başçısı bildirib.
Meloni qeyd edib ki, ölkəsi Ukrayna, Moldova, Gürcüstanın seçdiyi yolu dəstəkləyir və onların Aİ-yə daxil olması üçün fəaliyyətini yüksək qiymətləndirir.
Qeyd edək ki, bu gün Moldovada 50-yə yaxın Aİ ölkələri prezidentləri, Baş nazir və rəsmilərinin iştirak etdiyi “Avropa siyasi birliyi”nin sammiti keçirilir.