“Peşəkar İdman və Tibb” kitabının təqdimatı olub – FOTO
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Peşəkar idman və tibb” kitabının təqdimatı keçirilib.
“Peşəkar idman və tibb” kitabının müəllifləri olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov və Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri, “Xarı Bülbül” Şuşa Voleybol klubunun prezidenti, dosent Fatma Hacıyevadır. Qeyd edək ki, hər iki müəllif əslən Gürcüstanlıdır.
Təqdimatda çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan tibbinin inkişafından və tibb elminin strukturunda idman təbabətinin yerindən bəhs edib. Çingiz Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində reallaşdırılan bu layihənin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov idmanın tarixinin, onun cəmiyyətdəki mahiyyətinin, Azərbaycanda keçirilən ən mötəbər idman tədbirlərinin qələmə alındığı kitabın ideyasından danışıb.
Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri Fatma Hacıyeva kitabda peşəkar idmanın inkişafında tibbin rolunun şərh edildiyini bildirib. O qeyd edib ki, kitabda ən müxtəlif idman növləri üzrə çalışan peşəkar idmançılara göstərilən tibbi yardımın xüsusiyyətləri qələmə alınıb. Kitabın yazılmasında qarşıya qoyulan əsas prioritet məsələlər, istifadə edilən informasiya mənbələri Azərbaycan tibbinin inkişafı, tibb elminin strukturunda idman təbabətinin yerini əhatə edib.
MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva, Uşaq reabilitasiya mərkəzinin direktoru Nərgiz Əliyeva, ADBTİA-nın Tədris elmi laboratoriyasının aparıcı reabilitoloqu Hakim İbrahimov, AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Hacıyeva, Taekvondo üzrə Avropa və Dünya çempionatlarının mükafatçısı Fəridə Əzizova Olimpiya Oyunları iştirakçılarının sağlamlıq məsələlərinin, onlara göstərilən tibbi yardımın xüsusiyyətlərinin araşdırıldığı kitab haqda fikir bildiriblər. Tədbirdə, həmçinin, MOK-un baş katibi Azər Əliyev də iştirak edib.
Qeyd edək ki, kitabın rəyçiləri MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərovdur.