Sobranie, Winston və Camel Azərbaycanda istehsal olunaraq Gürcüstana idxal ediləcək
Dünyanın qabaqcıl tütün məmulatları istehsalçısı olan Japan Tobacco International (JTİ) və Tabaterra QSC arasında JTİ şirkətinin qlobal brendlərinin Azərbaycanda istehsal olunaraq Gürcüstana ixrac edilməsi üçün razılaşma əldə edilib.
RealNews xəbər verir ki, strateji tərəfdaşlıq çərçivəsində JTİ şirkətinə məxsus Gürcüstanda satılan Sobranie, Winston və Camel kimi dünyaca məşhur brendlər artıq Tabaterra tərəfindən Azərbaycanda istehsal olunacaq.
JTİ-nin Belarus və Qafqaz regionu üzrə Baş Direktoru Sergey Buksa deyib ki, Tabaterra QSC ilə imzalanan ixrac razılaşması JTİ şirkəti üçün Gürcüstan bazarında mövqelərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir:
“Biznes tərəfdaşımız olan Tabaterra-nın təcrübəsinə və istehsal imkanlarına əmin olaraq, biz Sobranie, Winston və Camel kimi dünyəvi brendlərimizi Azərbaycanda istehsal etməklə onların daha qısa zaman kəsiyində gürcü istehlakçıları üçün əlçatanlığını təmin edəcəyik. İmzalamış olduğumuz ixrac sazişi Azərbaycan və Gürcüstan arasında olan ticarət dövriyyəsinin artmasına öz töhvəsini verəcək”.
JTI 130-dan çox ölkədə fəaliyyət göstərən beynəlxalq tütün və vapinq şirkətidir. Şirkət tütün məmulatlarının geniş çeşidinin istehsalı və marketinqinə fokuslanıb. Şirkətin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. JTI, Sobranie, Winston, Camel, LD, Logic və Ploom kimi məşhur brendlərin sahibidir.