Yeni təyin edilən ABŞ səfiri Tbilisiyə gəlib

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı yeni səfiri Robin Danniqan artıq Tbilisidədir.

Bu barədə məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden 2023-cü il fevralın 14-də Gürcüstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Robin Danniqanın namizədliyini irəli sürüb. Robin Danniqan əvvəllər Avropa və Avrasiya Məsələləri Bürosunda Mərkəzi və Şərqi Avropa üzrə dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri, müvəqqəti işlər vəkili və Avstriyanın paytaxtı Vyanadakı missiya rəhbərinin müavini vəzifələrini icra edib. Danniqan ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və El Salvadordakı səfirliklərində çalışıb. O, ABŞ Dövlət Departamentinin çoxsaylı mükafatlarının laureatıdır.

Robin Danniqan ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsində Kelli Deqnanı əvəz edəcək.