İliya Darçiaşvili Fransadan Ermənistana Gürcüstan vasitəsilə hərbi texnikanın tədarükünə münasibət bildirib
Xarici işlər naziri İliya Darçiaşvili Fransadan Ermənistana Gürcüstan vasitəsilə hərbi texnikanın göndərilməsinə münasibət bildirib.
İctimai telekanalının efirindəki “Azad baxış” verilişinin aparıcısı nazirə Azərbaycan və daha sonra gürcü mediasında Fransadan Ermənistana Gürcüstan vasitəsilə zirehli texnikanın çatdırılması barədə məlumat paylaşıldığını və bunun Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyinə təsir edib-etməyəcəyini soruşub.
Nazir qeyd edib ki, Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir.
Darçiaşvili, hər bir ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququnun olduğunu deyib. Nazir əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var.
“Biz bunu Prezident Əliyevin, Baş nazir Paşinyanın və həmçinin, Azərbaycan Baş nazirinin Gürcüstana səfəri zamanı da dəfələrlə eşitmişik. Gürcüstan hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin tranzit funksiyasından istifadə etmək imkanı yaradır ki, bu imkanla da ölkəmizdən tranzit məqsədilə istifadə edilsin. Vurğulamaq istəyirəm ki, bu, bərabər şərtlər əsasındadır. İstənilən ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququ var. Söhbət beynəlxalq razılaşmalarla icazə verilən konvensional texnika və ya silahlardan gedirsə, istənilən ölkənin onu əldə etmək hüququ var. Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin malik olduğu tranzit funksiyadan istifadə etmək imkanı versin. Müvafiq olaraq, bu, bizim məsələyə cavabımızdır və bu mövzuda əlavə eyham və ya söz-söhbət yersiz olar”, – Darçiaşvili bildirib.
Qeyd edək ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb.
Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.
Ermənistan MN isə Fransa zirehli texnikasının ölkəyə tədarükü ilə bağlı xəbərləri şərh etməyib.