Qayınanasını və həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib
Gürcüstan Prokurorluğunun məlumatına görə, Rustavi Şəhər Məhkəməsi həyat yoldaşı və qayınanasının qətlində ittiham olunan, 1997-ci il təvəllüdlü şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası verib.
“Rustavi Şəhər Məhkəməsi Prokurorluq tərəfindən təqdim olunan sübutları tam şəkildə qəbul edib və iki nəfərin qətli faktı üzrə ittiham olunan şəxsi təqsirli bilib.
Məhkəmə prosesində araşdırılan sübutlarla təsdiqlənib ki, 2024-cü il mayın 22-də, Rustavi şəhərində, ittiham olunan şəxs həyat yoldaşı və qayınanasına, onlar körpə uşaqla birlikdə küçədə hərəkət edərkən, ov tüfəngindən dəfələrlə atəş açıb. Nəticədə, onlar ağır xəsarətlər alaraq hadisə yerindəcə keçiniblər.
Araşdırılan sübutlarla həmçinin təsdiqlənib ki, 2023-cü ilin aprelindən 2024-cü ilin mayın 22-dək olan dövrdə ittiham olunan şəxs zərərçəkmiş həyat yoldaşını sistematik şəkildə alçaldıb, nəzarət altında saxlayıb, psixoloji və fiziki zorakılıq göstərib.
Hüquq-mühafizə orqanları cinayəti törətmiş şəxsi 2024-cü il mayın 22-də saxlayıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima, 109-cu maddəsinin “b”, “t”, “k” və “l” bəndləri və 126-cı prima maddəsinin birinci hissəsi üzrə ittiham irəli sürülüb.
Məhkəmə ittiham olunan şəxsi irəli sürülən ittihamlar üzrə tam şəkildə təqsirli hesab edib və ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib”, – bəyanatda qeyd olunub.
Xatırladaq ki, qətl 2024-cü il mayın 22-də Dumbadze küçəsində günorta saatlarında baş verib.
Bizi WhatsApp – da izləyin.